OLEQ KUZNETSOV ERMƏNİLƏRİN DAHA BİR MƏNFUR SİYASƏTİNİ İFŞA ETDİ…

“ERMƏNİLƏRİ ÇEÇENİSTANA NECƏ KÖÇÜRMƏK İSTƏYİRDİLƏR?”

Bu gün BMM-də Rusiyanın tanınmış tarixçi-alimi, politoloq Oleq Kuznetsov geniş mətbuat konfransı keçirdi. Mətbuat Konfransı barədə geniş açıqlama verən modertor Rizvan Hüseyn bildirdi ki, Oleq Kuznetsov Azərbaycan DTX-nin arxivində ermənilərin Qafqaza, o cümlədən Azərbaycana məqsədli şəkildə köçürülməsini təsdiq edən mühüm sənədlər əldə edib. Əldə olunmuş həmin arxiv sənədlərindən söz açan natiq daha sonra sözü politoloq Oleq Kuznetsova verdi. Məlum oldu ki, o, SSRİ Milli Təhlükəsizlik Nazirliyinin arxivində çalışarkən ermənilərin məlum mənfur niyyətlərə nail olmaq üçün hansı yollara əl atdığını təsdiq edən sənədlərin izinə düşüb.
“Təzadlar” O.Kuznetsovun Moskvada nəşr etdirdiyi və
“ERMƏNİLƏRİ ÇEÇENİSTANA NECƏ KÖÇÜRMƏK İSTƏYİRDİLƏR?” başlıqlı elmi-tarixi məqaləsini təqdim edir:
Müəllif: Oleq KUZNETSOV, Moskva
…Postsovet ölkələrinin dövlət təhlükəsizliyi orqanlarının arxivlərindəki sənədlərlə tanış olan insan tez-tez sürprizlərlə rastlaşır. SSRİ-nin «proletar beynəlmiləlçiliyi» haqda dediklərinin nə qədər xəyal, reallıqdan nə qədər uzaq olduğunu onlarla tanışlıqdan sonra anlayırsan. Başa düşürsən ki, bu ideyanın geniş kütlə tərəfindən qəbul olunduğu haqda söylənilənlər aşkar riyakarlıq olub.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində yer almış işlərdən biri bunun ən yaxşı təsdiqidir. Söhbət ermənilərin çeçenlərin Çeçenistandan deportasiyası və Şimali Qafqazda, RSFSR-in tərkibində özləri üçün muxtariyyətin yaradılması haqda 1948-ci ilə aid planından gedir.
Bu hadisələrin başlanğıcı 1945-ci il noyabrın 21-nə, SSRİ Xalq Komissarları Sovetinin (XKS) «Xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına qaytarılması ilə bağlı tədbirlər haqqında» qərarının qəbul edildiyi vaxta gedib çıxır. 3 ay sonra – 1946-cı il fevralın 22-də Ümumrusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin (ÜKbP MK) Siyasi Bürosu SSRİ Xalq Daxili İşlər Komissarlığı (XDİK) ilə birgə hazırladığı sənədi – «Xaricdən ermənilərin Sovet Ermənistanına köçürülməsi üzrə praktiki tədbirlər haqqında» qərarı təsdiqləyib. 1947-ci il yanvarın 29-u, martın 24-ü və dekabrın 10-da isə SSRİ XKS ermənilərin «repatriasiyası» haqqında qərarlar çıxarıb.
«Erməni məsələsi»nin həlli üçün SSRİ XDİK-nin Yaxın Şərq ölkələri üzrə şöbə müdiri İ.V.Samılovskinin rəhbərliyilə xüsusi komissiya yaradılıb. Onun fəaliyyətində əsas istiqamət Yunanıstan, Rumıniya və Bolqarıstandan ermənilərin Sovet Zaqafqaziyasına köçürülməsi idi. Bununla yanaşı, İran, Livan, Rumıniya, Suriya, perspektivdə isə ABŞ, Fransa, Misir, Türkiyə və İraqdan ermənilərin «repatriasiyası» planlaşdırılırdı.
Ümumilikdə 360 min erməninin köçürülməsi və istisnasız olaraq Ermənistan SSR-in ərazisində yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin 1948-ci ilin iyununa olan məlumatda xaricdən 86 min 346 erməninin köçürüldüyü bildirilir. Statistikaya görə, onlardan yalnız bir hissəsi – 37 mindən bir qədər çoxu Ermənistana yerləşdirilmişdi. Erməni köçkünlərin üçdə ikisi Livan, Suriya, İran, Yunanıstan və Kiprdən idi. Fransa, Misir, Bolqarıstan və Rumıniyadan köçürülənlər də az deyildi. Proses SSRİ XKS-in 14 sentyabr 1948-ci il qərarı ilə məhdudlaşdırıldı.
OLEQ KUZNETSOV ERMƏNİLƏRİN DAHA BİR MƏNFUR SİYASƏTİNİ İFŞA ETDİ
Ermənilərin müharibədən sonra həyata keçirilməyə başlanmış «repatriasiya»sı o zaman 2 deportasiyaya səbəb olub. Birinci halda söhbət Ermənistanın bir sıra rayonlarında sıx yaşayan azərbaycanlıların 1948-1953-cü illərdə məqsədli şəkildə Azərbaycana köçürülməsindən gedir. İkincisi 1949-cu ildə Ermənistan ərazisində yaşayan ermənilərin bir hissəsinin Altay bölgəsinə köçürülməsidir. 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və digər əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi» haqqında qərar çıxarıb. Sənədə əsasən, 3 il ərzində «könüllülük» əsasında 100 min azərbaycanlının başqa yerlərə köçürülməsi nəzərdə tutulurdu. Bununla yanaşı, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlılardan boşalacaq yerlərdə xaricdən Ermənistan SSR-ə köçürülən ermənilərin yerləşdirilməsi üçün mənzillərin tikintisinə və digər işlərin görülməsinə icazə verilmişdi.
Nəticədə, 3 il ərzində Ermənistandan 144 min 654 azərbaycanlı köçürülüb. Beləliklə, sadə hesab aparsaq, məlum olur ki, Ermənistana «repatriasiya» olunmuş 1 erməniyə oradan deportasiya edilmiş 3-4 azərbaycanlı düşüb. Odur ki, bu prosesi tamamilə haqlı olaraq köçürülmə yox, deportasiya kimi xarakterizə edə bilərik. Çünki bu proses yalnız və yalnız ideoloji əsaslarla həyata keçirilib.

Paylaş